Məqalələr

Təhməz Əvəzoğlu Mehralıyev

1933-cü ilin aprel ayının 22-də Qubadlı rayonunun Qayalı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində rabitə ixtisası üzrə texniki məktəbə daxil olur.

Həmin təhsil ocağında təhsilini bitirdikdən sonra Qubadlı rayon radio qovşağında işə başlayır. Gənc yaşlarından poeziyaya şeiriyyətə vurğun olan Təhməz Əvəzoğlu özü gənc ikən şeirlər yazmağa başlayır. Şeirləri Qubadlı rayon mətbuatında dərc olunur. 1954-cü ildə Hürzad adlı xanımla ailə həyatı qurur. 1968-ci  ildə qəza nəticəsində gözünün nurunu itirir. Qardaşı Fərəməz Təhməzin bu halına dözə bilmir, 1969-cu ildə dünyasını dəyişir. 

Təhməz Əvəzoğlu işıqlı dünyaya həsrət qalsa belə övladlarının tərbiyəsinə xüsusi diqqət ayırır, onları elm almaları üçün istiqamətləndirir. Övladları Məzahir, Mail, Etibar Azərbaycan Texniki Universitetində, Fail, Səxavət və Sumayə xanım isə respublikamızda fəaliyyət göstərən texnikumlarda təhsillərini davam etdirirlər. 1980-ci ildən Təhməz Əvəzoğlunun poetik duyğularının əksi olan şeirləri respublika mətbuatında dərc olunmağa başlayır. 1993-cü ildən (Qubadlı və Qayalı kəndinin işğalından sonra) şair və ailəsi Sumqayıt şəhərində məskunlaşır, qaçqınlıq, həyatının acılarını, Vətən, Torpaq, el-oba dərdini  yana-yana yaşayır və qələminin əsas hərəkət dinamikasını Vətən mövzusuna həsr edir, qaçqın soydaşların şeirlərində mübariz olmağa səsləyir, onları vətən savaşı uğrundakı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirməyə ruhlandırır, qələmini silaha çevirib şeirləri ilə sanki gənclərə bir qəhrəmanlıq dərsi keçir.

Təhməz Əvəzoğlu “Zülmətdən  boylanan  işıq, Qubadlı  yurdum  mənim, Qubadlıdan  nigaranam” adlı kitabların müəllifidir. O, 2004-cü il noyabr ayının 12-də dünyasını dəyişib. 2011-ci ildə şairin ölümündən sonra “Azərbaycan  Mədəniyyəti İnciləri” lahiyəsi  çərçivəsində Poeziyamızdan  kövrək   yarpaqlar  mövzusunda “ Qubadlıya gəl ” adlı şerlər kitabı işıq üzü görüb. Şairin sözlərinə bəstəkarlarımız tərəfindən mahnılar bəstələmiş, müğənni  və xanəndələrimiz tərəfindən ifa edilib. Bədii qiraət ustaları şairin şerlərini lentə aldırıb, aşıqlarımız havacatlar yazıb, mətbuat  və  televizya şairin irsini dəyərincə işıqlandırıb. İllər öncə Azərbaycan televiziyası şairin həyat və yaradıcılığından bəhs edən “Təhməz Əvəzoğlu” sənədli filmini çəkib. Film bir neçə dəfə nümayiş etdirilib.

İnsan təki mənən əlil olmasın! Fiziki əlil olan bir şairin simasında nə qədər mənən saf, güclü, pak olan bir eloğlumuzun həyat səhifəsinin bəzi məqamlarına aydınlıq gətirdik. Daha ətraflı “ Təhməz Əvəzoğlu ” saytını izləməklə müşahidə dairənizi genişləndirmək imkanı əldə edəcəksiniz. Elə isə sizi Təhməz Əvəzoğlu poeziyası, şəxsiyyəti, poetik duyğu və düşüncələri ilə başbaşa buraxırıq.