Ürəyində Qubadlı həsrəti aparan şair

Mən Təhməz Əvəzoğlunu sağlığında görmüşəm. Nurani baxışı, səmimi rəftarı indi də yadımdadır. Taleyin şirinindən çox ağrısını-acısını dadmış Təhməz Əvəzoğlu gözəl şair olmaqla yanaşı, eyni zamanda Vətənə layiqli vətəndaş, ailə başçısı, eldə-obada sözü ötən hörmət-izzətlə sayılan el ağsaqqalı idi.

Cavan vaxtlarından gözləri dünya işığına həsrət qalan bu dözümlü insan Qarabağın işğalından sonra demək olar ki, öz dərdini tamam unutmuşdu.

Təhməzin gözünü əlindən aldın,
Baxmadın otuz üç yaşına fələk.

Gözlərinə qaranlıq görünən bu dünya bir az da zülmətləşmişdir. Dərdinin üstünə dərd gəlmişdi. Qarabağ dərdi, Qubadlı dərdi, sonra da dünyaya göz açdığı Qayalı dərdi...

Doğma Qubadlıdan ayrılmaq onun torpağından, suyun¬dan, havasından ayrı düşmək Təhməz Əvəzoğlu üçün olduqca çətin idi. Bu çətinliklər dərd üstünə dərd gətir¬mək¬dən başqa bir şeyə yarayan deyildi. Bu dərdlər ürəyə yığıldı, qalaqlandı böyük bir dağa çevrildi. Təhməz Əvəzoğlu bu uca dağın zirvəsinə qalxdı. Dərdi özündən yuxarı qalxmağa qoymadı. Dərdə yuxarıdan aşağı baxmağı bacardı. Kədərin ona üstün gəlməyinə imkan vermədi. Ancaq dərd də elə-belə dərd deyildi. Əməlli başlı çəkisi var idi. Buna sinə gərmək hər oğulun işi deyildi. Qadir Allah Təhməz Əvəzoğluna dözüm verdi. Ona içindəki kədəri ifadə etmək üçün şairlik istedadı bəxş etdi. O, yavaş-yavaş qəlbindən keçən dü¬şüncələri şerə çevirməyə başladı. Şeir yazdıqca az da olsa yüngülləşdi, ümid dolu sabahlara doğru ömür yaşadı. Şerləri yaxşı qarşılanırdı. Onu tanıyanlar tə¬rə¬findən sevilirdi. Çünki şair şerlərini aydın, duzlu-məzəli bir şəkildə yazırdı. Elə bil qarşısındakı insanın ürəyini oxu¬yur¬du, onun qəlbinə nüfuz etməyi bacarırdı. Şeir yaza-yaza Təhməz Əvəzoğlu onu sevənlərin el-oba camaatının hör¬mə¬tini qazandı, onları Qubadlı həsrətini unutmamağa çağırdı. 

Şair nə demək  istədisə hamısını sözlə, şerlə dedi. Özü də bir nəfəsə. Əslində o bu şerlərlə dərdini azaltmağa başqalarıyla bölməyə çalışırdı. Və şeir qoşduqca sanki bir az qəlbən sakitləşirdi. Bu bizə belə gəlir. Amma Təhməz Əvəzoğlu sakitləşən, başına gələn hadisələrə laqeyd qalan insan deyildi. Ömrünün axırına qədər o buna sadiq qaldı. Doğma kəndi Qayalı həsrəti ilə bu dünyadan köçdü. Məsəl var, deyərlər, bu dərdi dağ da çəkə bilməz. Amma Təhməz Əvəzoğlu bu dərdi çəkirdi... Gecə-gündüz, saatbasaat, dəqiqəbədəqiqə çəkirdi. Taleyin onun şəxsi həyatına olan amansızlığını gözlərinin bir əlçim işığa həsrət qalmasını Qayalı həsrətinin yanında heç nə sayırdı. Doğma kəndini hər an xatırlayırdı. Onu görmək arzusu ilə yaşayırdı. 

Allah, məni qürbət yerdə öldürmə,
Qismət elə gedək öz kəndimizə.
Sinəmə saz alım, çalım-oynayım,
Həsr edim bir neçə söz kəndimizə. 

Qeyd etdiyim kimi Təhməz Əvəzoğlu bütün arzu¬la¬rını, ümidlərini şerlərində əks etdirib, sabahkı nəslə yadigar qoyub. Onun şerlərində nələr yoxdu – Vətən sevgisi, dostluq, etibar, ağıllı həyat, insana sevgi daha nələr, nələr...

Bu şeirlər insanda ən azından vətənpərvərlik hissi oyadır, hamımızı daim ayıq-sayıq olmağa, Vətən dərdini dərdlərin şahı böyük Qarabağ dərdini unutmamağa çağırır. Hamını mübarizəyə səsləyir:

Vətənə köçənə kimi, 
Suyundan içənə kimi,
Səbr elə bir az, ürəyim,
Hələ yaşa, döz, ürəyim. 

deyən şairin ürəyi bu dərdə dözə bilməsə də şerləriylə böyük bir dözüm qoyub getdi. 

Qayalını sevdiyi qədər Azərbycanı sevirdi. Onun uğurlarına həmişə sevinirdi, gözlərinin işığı sanırdı.

Gözlərinin işığısan,
Sən Təhməzin, Azərbaycan.

Son vaxtlar şairin ürəyinə dammışdı ki, Vətənə getmək ona nəsib olmayacaq. Elə bil zalım əcəlin ona möhlət verməyəcəyini qabaqcadan duymuşdu. Şerlərinin birində yazırdı:

Nə tez unutmuşam mən haqqı-sayı,
Torpağım əlimdən getdi havayı.
Suyunda çimdiyim Bərgüşad çayı,
Bəklə bir də o yerlərə dönmədim.

Və yaxud:

Yolumu gözləyən, ay ana torpaq,
Mümkün deyil gəlmək gözləmə məni.

İnanırıq ki, kitabda toplanan şerlər Təhməz Əvəzoğlunu tanıyanların, xatırlayanların qəlbini oxşayacaq və rəğbətlə qarşılanacaq. 

Şair-publisist Xaliq Rəhimli

Hava

Sayğac

Free counters!