Qaranquş

Bahar vaxtı bizim elə köçərsən,
Vətənimdən xəbər gətir, qaranquş.
Büllur kimi saf suyundan içərsən,
Vətənimdən xəbər gətir, qaranquş.

Uçub-uçub o dağlara çıxarsan,
O dağların gül-çiçəyin qoxlarsan.
Boylanarsan, hər tərəfə baxarsan,
Vətənimdən xəbər gətir, qaranquş.

Azadsan,o bağlı sərhədlərdən keç,
Mənim yurdumdakı öz yuvana uç.
Güllərini üzüb, torpağını quc,
Vətənimdən xəbər gətir, qaranquş.

Təskinlik verirəm özüm-özümə,
Ürəyim də daha baxmır sözümə,
Bir ovuc torpaq ver, töküm gözümə,
Vətənimdən xəbər gətir, qaranquş.

Qızıl gülün qönçələri tərtəzə,
Bülbüllər oxuyub versin səs-səsə.
İllər boyu xəstə yatan Təhməzə
Vətənimdən xəbər gətir, qaranquş.

Hava

Sayğac

Free counters!