Qubadlıya gəl


Qayğıkeş, mehriban oğlana-qıza,

Qovuşmaq istəsən, Qubadlıya gəl.

Nəbinin vətənin, Həcərin yurdun,

Soruşmaq istəsən, Qubadlıya gəl

Dağları gəzəndə yoruldum demə,
Burda son qoyarsan kədərə, qəmə.
Gül-çiçək tozuna şehə, şəbnəmə,
Bulaşmaq istəsən, Qubadlıya gəl.

Dağları gəzərsən sən dönə-dönə,
Mailin kəndin göstərrəm sənə.
Dağların döşündə gülə, çəmənə,
Söz qoşmaq istəsən, Qubadlıya gəl.

Aşağı Molludan bir az yuxarı,
Nəbini görərsən çiyni çuxalı.
Sən də at belində dağlar yuxarı,
Çapışmaq istəsən, Qubadlıya gəl.

Gəzib bu yerləri sən yaxşı tanı,
Rzanın, Ərəzin vardı ad-sanı.
Axtarıb taparsan aşıq Sultanı,
Yarışmaq istəsən, Qubadlıya gəl.

Əyinin dağını sən gəzə-gəzə,
Enərsən aşağı gül üzə-üzə.
Əlində qələmin dostun Təhməzə,
Yanaşmaq istəsən, Qubadlıya gəl.

Hava

Sayğac

Free counters!