Görmək istərəm

Dərdli ürəyimin xəstə çağında,
Elimi, obamı görmək istərəm.
Halal çörəyimi, halal tikəmi,
Qohum-övladımla bölmək istərəm.

Bir gün döyünmədən qalar ürəyim,
Kamına yetişməz arzu, diləyim.
İnsafdımı o yerləri görməyim,
Doğma yurd, yuvamı görmək istərəm. 

Zalım xəstəlikdən qəddim kamandı,
Bu dərd təzə deyil, xeyli zamandı.
Əzizlərim, sizə deyim amandı,
Yurdum Qayalıda ölmək istərəm. 

Əziz övladlarım, deyirəm sizə,
Bu ağrıya kim dayana, kim dözə,
Məni apararsız öz kəndimizə,
Bir qədər yaşayıb, dözmək istərəm.

Hava

Sayğac

Free counters!