Qubadlı

Qubadlı toponimi qubadlı tirəsinin adı ilə bağlıdır.1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı.

 

Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.

Versiyalardan birinə görə, Qubadlı toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.

Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.


Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var.

Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübarizə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Hava

Sayğac

Free counters!